200 illik tarixin yaddaşı

 

   Rusiya Prezidenti Milli Azərbaycan Tarixi Muzeyinə xatirə medalı kolleksiyası hədiyyə edib

 

   İyunun 5-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə göndərdiyi xatirə hədiyyəsinin təntənəli təqdimat mərasimi keçirilib.

   Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxin çıxış edərək mərasimin iki ölkənin mədəni humanitar əməkdaşlığında əlamətdar hadisə olduğunu vurğulayıblar.

   Səfir ötən il Rusiyada 1812-ci il Vətən müharibəsində qələbənin 200 illiyinin yüksək səviyyədə qeyd edildiyini diqqətə çatdıraraq bildirib ki, yubiley münasibətilə Rusiyada xüsusi olaraq xatirə medalı kolleksiyası hazırlanıb. Kolleksiya “1812-ci il Vətən müharibəsinin 200 illiyinə xatirə”, Fyodr Tolstoyun 1812-ci il Vətən müharibəsinə həsr etdiyi tarixi seriyadan (1814-1836) olan 20 medalın surətindən ibarətdir. Medallar Sankt-Peterburqun sikkəxanasında latun materialından hazırlanıb.

   Tədbirin sonunda akademik Nailə Vəlixanlı Azərbaycan-Rusiya tarixi əlaqələri haqqında geniş məlumat verib və səfir Vladimir Doroxinə təşəkkürünü bildirib.

 

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 4.